Dr. Əfqan Cəfərov
Travmatoloq-Ortoped

09:00–17:00
09:00–13:00
Haqqında
Dr. Əfqan Cəfərov ortopediya və travmatologiya sahəsində uzun illər beynəlxalq təcrübəyə malik, yüksək ixtisaslı həkim-cərrahdır. O, sümük-əzələ sistemi xəstəliklərinin diaqnostikası, travmaların müalicəsi, oynaq cərrahiyyəsi və idman zədələrinin müasir üsullarla müalicəsi üzrə ixtisaslaşmışdır. Müasir cərrahi yanaşmaları və minimal invaziv metodları tətbiq edərək hər bir pasiyent üçün fərdi müalicə planı hazırlayır və yüksək tibbi nəticələrin əldə olunmasına önəm verir. Dr. Əfqan Cəfərov ali tibb təhsilini Türkiyənin Çukurova Universiteti Tibb Fakültəsində almış, daha sonra həmin universitetdə Ortopediya və Travmatologiya ixtisası üzrə uzmanlıq təhsilini uğurla başa vurmuşdur. Peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirən həkim fəaliyyəti dövründə Türkiyə, Almaniya və ABŞ-da müxtəlif ixtisasartırma proqramlarında və beynəlxalq təlimlərdə iştirak edərək ortopediya və travmatologiya sahəsində qabaqcıl cərrahi metodlar üzrə təcrübə qazanmışdır. Peşəkar fəaliyyəti ərzində Çukurova Universiteti Ortopediya və Travmatologiya kafedrasında həkim-assistent, Adana Özəl Ortopedia Xəstəxanasında əməliyyatxana şöbə müdiri, Modern Hospital-da Ortopediya və Travmatologiya şöbəsinin rəhbəri, eləcə də stasionar şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycanda isə Bakı Sağlamlıq Mərkəzində ortoped-travmatoloq cərrah kimi fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Tibb Universitetinin Travmatologiya və Ortopediya kafedrasında baş laborant, eyni zamanda LUX International Hospital-ın Travmatologiya və Ortopediya şöbəsində ortoped-travmatoloq cərrah kimi fəaliyyətini davam etdirir.
Dr. Əfqan Cəfərov elmi fəaliyyətlə də yaxından məşğuldur. O, yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş 21 elmi məqalənin müəllifi, Azərbaycanda və xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda 24 elmi məruzənin iştirakçısıdır. Elmi tədqiqat sahəsində əldə etdiyi uğurlara görə beynəlxalq konfranslarda 3 müxtəlif elmi tədqiqat üzrə birincilik mükafatına layiq görülmüşdür. Bundan əlavə, 2012-ci ildə Almaniyanın Drezden şəhərində Karl Gustav Karus Universiteti Tibb Fakültəsində, 2018-ci ildə isə ABŞ-ın Filadelfiya şəhərində Rothman İnstitutunda oynaq artroplastikası üzrə fellowship proqramında iştirak edərək beynəlxalq peşəkar təcrübəsini daha da zənginləşdirmişdir.
Dr. Əfqan Cəfərov tərəfindən göstərilən xidmətlərə uşaq ortopediyası, diz cərrahiyyəsi və idman zədələrinin müalicəsi, oynaq protezləri (artroplastika) əməliyyatları, artroskopik cərrahiyyə, əl cərrahiyyəsi və mikrocərrahiyyə, sümük sınıqlarının cərrahi müalicəsi, xarici fiksasiya və deformasiya cərrahiyyəsi, həmçinin hər bir pasiyent üçün fərdi müayinə, müalicə və əməliyyat planının hazırlanması daxildir.